Qanunların aliliyi gərəyin,
Hüquqşunas olmaq idi diləyin.
Vətən üçün döyünürdü ürəyin,
Bayrağına qürur ilə baxanım.
Mənim şəhid Orxanım.
Bu gündən sabaha uzanan yoldun,
On səkkiz yaşına yaman tez doldun.
Kəlbəcər uğrunda sən şəhid oldun,
Hərbi geyimə dörd medal taxanım.
Mənim şəhid Orxanım.
Sən yoxsan, saralıb güllü-gülzarım,
Bu yerlərə tez-tez düşür güzarım.
Hamı üçün müqəddəsdir məzarın,
Damarımda qızıl qan tək axanım.
Mənim şəhid Orxanım.
Bilirəm ki ruhun , ay oğul, şaddır,
Gülüstan Qarabağ indi azaddır.
Tanrı hüzurunda Şəhid uca addır,
Bizə təbəssümlə göydən baxanım.
Mənim şəhid Orxanım.
Döyüşə yollandın millət uğrunda,
Vətən adlı ulu qüdrət uğrunda.
Dünyamızda haqq-ədalət uğrunda,
Poladdan tökülmüş qılınc-qalxanım.
Mənim şəhid Orxanım.
Kayıt Tarihi : 16.2.2026 16:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!