ACI XƏBƏR
(Uzun sürən xəstəlikdən sonra dünyasını vaxtsız dəyişən
gözəl şauirəmiz Fərqanə Mehdiyevanın əziz xatirəsinə)
Bir acı xəbər də döydü qapını,
Işıqlı gündüzü gecə eylədi.
Yarımçıq qoyub da söhbət-gapını,
Əzrail bu zülmü necə eylədi.
Onu çox sevərdi dostlar, tanışlar
Hamının bir Ulduz anasıydı o.
Sözündə yox idi yalan-yanlışlar,
Günəş tək göylərdə yanasıydı o.
Hələ soyumayıb isti təndiri,
Bürüyüb dünyanı çörəyin iyi.
Azalmaz heç zaman odu, həniri,
Eh, fələk, soldurdun bu gözəlliyi.
Kimsə inciməyib söhbət-sözündən,
Səhvini astaca başa salardı.
Qığılçım bəxş edib nurlu gözündən,
Sənin ürəyində od da qalardı.
Necə çox sevərdi nəvələrini,
Nəvələr dünyanın sevinc payıydı.
Xəstəlik qocaltdı ağ əllərini,
Xəstəlik-fələyin hay-harayıydı.
Biz necə görüşdük sonuncu dəfə,
Üzündə ümiddən bir nişan vardı.
Beşinci,altıncı, onuncu dəfə,
Deyirəm.Əzrail yaxşıya yardı.
Yaman tez qoşuldun köç qatarına,
Arxanda dostları tək qoyub getdin.
“Dur” deyən olmadı heç qatarına?
Bu fani dünyadan tez doyub getdin.
Sənsiz nalə çəkər oğulun, qızın
Sənsiz tənha qaldı həyat yoldaşın.
Yaralar qanayar hey sızım-sızım,
Bacının yerinə ağlar qardaşın.
Hər şerin üstündə saf alın təri,
Duyğular içində nə var azmağa.
Alıb əllərindən qələm-dəftəri,
Qızları qoymarıq şeir yazmağa.
Yenə də yığışıb doğum gününə,
Daha deyilməz ki ən gözəl tostlar.
Tamarza qalaraq şeir ününə,
Xatirə gününə gələcək dostlar.
Həsrətin buzundan üşüməyimiz,
FƏRQANƏ, qəlbləri ilan tək çaldı.
Bizim sənin ilə görüşməyimiz,
Bir də qiyamətin gününə qaldı.
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2020 07:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!