Qanlı Yanvar ilindəcə doğuldun,
Şəhidlər tək sən də igid oğuldun.
Fərəhimiz içimizdə boğuldu,
Nədən gətirmədi qismətin, oğlum.
Çox istərdin edəsən hərbi xidmət,
Arzuna yetişmək olmadı qismət.
Fələk eyləmədi sənə mərhəmət,
Göstərdi bizlərə qüdrətin, oğlum.
Əzizləyib sevərdin sən bacını,
Qoruyardın qiymətli baş tacını.
Niyə bunca yaşatdın sən acını,
Gözləri önündə surətin,oğlum.
Həm ananın ilkiydin, əzəliydin,
Həm atanın şeriydin, qəzəliydin.
Söz-söhbəti duzluydun, məzəliydin,
Özünlə apardın hikmətin,oğlum.
Ata adın ucaltmaqdı amalın,
Yetərincə vardı ağlın-kamalın.
Neynəyək ki belə gəldi zamanın,
Yarım qaldı arzun-niyyətin, oğlum.
Atanın iyini səndən alardıq,
Sevələyib hər qayğına qalardıq.
Gələcəyin xəyalına dalardıq,
Dilimdə əzbərdir söhbətin,oğlum.
Ah, sənin yerinə öləydim kaş mən,
Saraldı ağacın, qurudu çeşmən.
Tərk etdi torpağı işğalçı düşmən,
Azaddır Laçının-vətənin, oğlum.
Müzəffər ordumuz qələbə çaldı,
Düşmənin planı yarımçıq qaldı.
Külli-Qarabağı geriyə aldıq,
Qanı bahasına şəhidin, oğlum.
Baxmayıb ananın nalə-ahına,
Dönmüsən cənnətin şahənşahına.
Üz tutub Tanrının qibləgahına,
Mən səni istərəm ay Yasin oğlum.
Kayıt Tarihi : 19.4.2025 16:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!