Ayrılıq zalımın hərarətindən,
Yayın istisində donan ürəyim.
Bezib yad gözlərin həqarətindən,
Rəsmini qayaya yonan ürəyim.
Əzrail adlanan acıgöz çapar,
Get, zalım fələyi özünlə apar.
Bəlkə də bir azca təskinlik tapar,
İntiqam içində yanan ürəyim.
Bahar arzularsan qarda-boranda,
Amansız soyuqlar səni yoranda.
Qanmazın önündə susqun duranda,
Özü öz sözünü danan ürəyim.
Hərdən başı üstdə ildırım çaxıb,
Hərdən də gözündən leysan gur yağıb.
Gələcək günlərə naümid baxıb,
Keçmişi kədərlə anan ürəyim.
Gəlir xatirələr hey axın-axın,
Mənim gözüm ilə onlara baxın.
Əğyarı bir addım qoymayıb yaxın,
Sevdanı dost-həmdəm sanan ürəyim.
Kayıt Tarihi : 2.10.2025 10:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!