Arzu-kama yetdim mən,
Sətirlərdə itdim mən.
Atəşlərdə bitdim mən,
Öz külümdən doğuldum.
Üşüyərəm sazaqkən,
Darıxaram uzaqkən.
Çox şirindim uşaqkən,
Nabat idim, noğuldum.
Səmada ulduz idim,
Demirəm yalqız idim.
Anam üçün qız idim,
Atam üçün oğuldum.
Ağır olubdur daşım,
Nələr çəkibdir başım.
Kimsə görməz göz yaşım,
Qəhərimdən boğuldum.
Həsrət sənin suçundur,
Soyuğundan uçundum.
Qar-şaxtadan qaçındım,
Alovlardan yoğruldum.
Bəyaz yoxmuş naxışda,
Qəmli süzər baxış da.
Boy atdım mən yağışda,
Külək ilə sovruldum.
Bir səndin, bir mən idim,
Gülərüzdüm, şən idim.
Bərəkətli dən idim,
Sac üstündə qovruldum.
Kayıt Tarihi : 5.4.2025 15:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!