OYNADIRLAR
Ay mıənim hörmətli, əziz qardaşım,
Deyirsən ki, bizi saz oynadırlar.
Oynamaq həvəsi canımızdadır,
Ancaq insafsızlar az oynadırlar.
Hər kəsin özünün öz havası var,
Oğlan havası var, qız havası var,
Kimlərin başında yüz havası var,
Elə, o kəsləri düz oynadırlar.
Düşür canımıza yadın havası,
Çıxmır başımızdan qadın havası,
Qızdırır, yandırır odun havası,
Atıb altımıza köz oynadırlar.
Şeytan girib ruhumuzun qatına,
Nəhlət olsun müxənnətin zatına,
Yastıq qoyub başımızın altına,
Arada gəzdirib söz oynadırlar.
Taleyimiz qovluqlarda pas atır,
Aylarla-illərlə rəflərdə yatır,
Bu, ona göndərir, o, buna satır,
Sürtülmüş, sırtılmış üz oynadırlar.
Çapar olluq işimizin dalınca,
Gedib-gəllik əldən düşüb olüncə,
Verməyirlər cibimizi yolunca,
Baxıb bir-birinə göz oynadırlar.
İş açırıq qövmümüzün başına,
Verməyərək giravəni boşuna,
Biz çıxdıqca məmurların tuşuna,
Qırıb başımızda qoz oynadırlar.
Düz deyənin işi rəvan getməyir,
Bu möhnətin sonu heç vaxt bitməyir,
Söz bilənlər bülbül kimi ötməyir,
Bülbülün yerində qaz oynadırlar.
Oynaya-oynaya toyumuz olur,
Elə toy tuturlar vayımız olur,
Batmanla dərt çəkən soyumuz olur,
Bir deyil, beş deyil yüz oynadırlar.
Qulaq asan yox yazığın hayına,
Kimsə bilməz, kim yetəcək hoyuna,
Şirnikirik pay verənin payına,
Çağırıb duzdağa duz oynadırlar.
Oynamaqdır dövlətimiz, malımız,
Oynadırlar düzəlməyir halımız,
Oynamaqla hara gedir yolumuz,
Coculu, bu dərdi yaz, oynadırlar.
Seyraqif Coculu
Kayıt Tarihi : 26.7.2025 20:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!