Baxıram sevdanın kül torpağına,
Dalğalar sahildən aparıb gedir.
Arzular bənzəyir gül yarpağına,
Külək bircə-bircə qoparıb gedir.
Izdiham içindən durub baxırsan,
Olduğum nöqtəni tutmadınmı sən.
Özünə istehkam qurub baxırsan,
Tikanlı məftili atmadınmı sən.
Dönüb dalğalara üstümə gəlmə,
Qaya tək yerimdə dayanmışam mən.
Demə etibardan tək bircə kəlmə,
Sədaqət rənginə boyanmışam mən.
Niyə bu sevdanın üzü dönükmüş,
Sevinci sənindir, kədəri mənim.
Bu tənha odanın közü sönükmüş,
Eh, belə yazılıb qədərim mənim.
Bəlkə də hər şeyi kənara qoyub,
Üzbəüz oturub söhbət edərdik.
Gileydən-güzardan biryolluq doyub,
Səadət şəhrinə doğru gedərdik.
10.06.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2018 07:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!