Həsrətin siması qaraca qaldı,
Ağlayan gözləri alaca qaldı.
Vüsalın yenə də balaca qaldı,
Bu ağrı-acının sonu var kimi.
Çölümdə bahardır, içimdədə qışdır,
Bəlkə bir ilğımdır, bir aldanışdır.
Bu qara yazıdır,qara naxışdır,
Hey yağır üstümə kədər qar kimi.
Söz dünyam yaranıb məndən irəli,
Hüzn, ələm gələr dəndən irəli.
Dayanıb bir addım səndən irəli,
Donuban qalacam son bahar kimi.
Gələndən, gedəndən məni sorursan,
Dostum, kədərinlə qəlbi yorursan.
Elə dayanırsan, elə durursan,
Əhdə sadiq olan vəfadar kimi.
Qalmışam kədərin, qəmin girində,
Ayrılıq zalımın qara kirində.
Biz də görüşərik günün birində,
Baharda qayıdan durnalar kimi.
Kayıt Tarihi : 7.1.2023 10:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!