Deyimler 4 Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Deyimler 4

Xəyanətinin cəzasız qalması dəyanəti intihara sürükləyir.

Xəyalımın dodaqları ruhunun gözlərindən öpdü.

Şaxtanın biçdiyi don gül-çiçəyə kəfən olar.

Ağlar gözün kölgəsi nəm olar.
Ayrılığın köləsi qəm.

Qaraca gözlərindən sevgi tökülür bəyaz yuxu kimi.

Sənin zənbil-zənbil toxuduğunu mən sünbül-sünbül oxuyuram.

Güllələnmiş ümidin məzarı sillələnmiş buludun kölgəsi altda olar.

Hər şeyi zamanın öhdəsinə buraxırıq.
Bəs bizim zamanın qarşısında öhdəliyimiz nədir?

Daşlanan buludlar, yaşlanan ümidlər.

Parça-parça parçalandım,
Yerə parç-parç calandım.

Yalandan tor libas toxumaq olar, geyinmək olmaz.

Közündən ütüləndim.
Sözündən itiləndim.

Həsrətin qamçısını dadan hicrana özü yalvarar.

Vüsalının əlçatmazlığını həsrətin məngənəsində boğulanda bildim.

Hərəmiz bir kəpənək ömrü yaşayırıq:mən ağlı-qaralı, sən rəngarəng.

Günəşin göz yaşlarını ehmalca silmək istədim.
Barmaqlarım tüstüləndi.

Xəyanətin oratoriyasını özün yazdın günahınla.

Səni görəndə səsim zarıyır.

Ayrılığın gəmisini keçmək,
həsrətin zəmisini biçmək olmaz.

Dəvənin yerişi zınqrovun səsindən bilinər.

Papaq aıtda yatan oğullar yatağan olar.

Sənin pəhrizinə dözə bilmək çox çətindir.

Dilimin ucundakını deməyə cürətim çatmır,
Bilimin ovcundakını yeməyə sürətim.

Şəklinin neqativi özündən gözəldir, dünya.

Fələk sənə zülm eylədi,
Həyatını qan qoxulu film eylədi.

Yalanın yağışı yağdı,
Doğrunun odu söndü.

Ümidinin qapısı, gümanının pəncərəsi həmişə açıq olsun.

Xəyanətin əlifbası,
Məhəbbətin tül libası.

Küçələr təngnəfəs olub.

Hıçqıran ümidin göz yaşını güman silər.

Mənliyini ayaq altda sərib gedən
O dünyaya qərib gedər.

Gecənin not dəftərində itlər simfoniya yazar.

Gözünə göynək,
Sözünə eynək taxıb danışan adam..

Həsrətini tikə-tikə doğrayıb,
Hicranının yağındaca qızartdım.
Ayrılığın süfrəsindən oğrayıb,
Üstünəcə bol istiot,duz atdım.
Kim yeyər bu təamı,
Dəli eylər adamı.

Səhərin közü açılınca qəhərin gözü açıldı.

Yalan güzgüləndi, özünü görəmmədi.

Zəmanə qarıdan aman gözləyirdim,
Nə aman verdi, nə zaman.

Ürəyimi sən apardın,
Ah-naləmi çən.

Vüsalın qapısını döydüm,
Hicran hay verdi.

Dağından duman asılar,
Ağlından güman.

Doğru gördü, kölgələndi
Yalan gördü, bölgələndi.

Mən aşsam da həsrətin son divarını,
Ayrılığın sonu varmı.

Eşq dəryaçam ləpələndi,
Yer üzünə səpələndi.

Mənim qəhrimi çəkmə,
Təhrimi çək.

Gözlərinə -“ayna”-dedim,
“Baxışımla oyna”dedin.

Gündüz meydan suladı,
Gecə qurd tək uladı.

Gözümün qorxusu,
Közümün qoxusu.

Sənin fikirlərin qaraçı köçünə oxşayır:
Biri oxuyur, biri oynayır..
Hərəsi də bir havaya.

Səni gəzdim uzun illər boyunca,
Eh, o qədər qocaldım ki sandın məni oyuncaq.

Gənc ömrümü saat-saat xərclədim,
Sonundasa saniyədən mərc gəldim.

Düznən düzən qurdum,
Əyri mənnən çəpləşdi.

Isti-ilıq kəlmələr,
Köynəyimi ilmələr,
Göynəyimi düymələr.

Vaxtımın qulağından çəkdim,
Baxtımın gözündən öpdüm.

Çiçək dərdim günaşırı,
Gördüm gülü gün aşırıb.

Dərdli gördüm, utandım
Dərdi tez unudandım.

Vüsalın telin sığalladım,
Hicran cığalladı.

Sənsizliyin şoranlığına gül əkdim, bitmədi,
Səssizliyin toranlığına tül çəkdim, itmədi.

Sözündən güllər açıldı,
Gözündən güllələr saçıldı.

Gözünün qarasına basıldım,
Sözünün ağından asıldım.

Ürəyimin səsi,
Ruhumun bəsi.

Gün batdı, duyğulandım,
Ay çıxdı, uyğulandım.

Yağış-yağış səpələndim,
Naxış-naxış ləpələndim.

Səndən qisas alacağam:
Qəlbinin şah pərdəsində
“Sənsiz”icə çalacağam.

Çətinə düşəndə namərd hay verdi, mərd pay.

Hər şeyin bitdiyi anda sən başlayırsan.

Gün çıxanda sən batırsan.

Ürəyim sıxılanda fikirlərim yıxılır.

Sənsizliyin sözlərimdə yuva salmış yağış-yağış,
Mənsizliyin gözlərində donub qalmış baxış-baxış.

Sənin sərrast baxışların
mənim sərraf baxışlarımı dəlib keçdi.

O qədər üzdüm ki təlatümləri,
Adımı qoydular təlatüm pəri.

Fikirlərin bayağı,
Həddindən çox boyağı.

Xəyallarım ətrafında uçur, uçur,
Tər alnımda puçur-puçur.

Xatirələrimi ələkdən keçirtdim,
Biri də qalmadı.

Sənsiz yaman tənhalandım,
Tənha vədim, tənha andım.

Ağ dumandan köynək geydim,
Boz dumandan eynək.

Xatirələrin gözümdən yuxu kimi töküldü.
Yuxularım xatirəndən keçib getdi.

Sənin mənsizliyin teoremadırsa,
Mənim sənsizliyim aksiomadır.

Həsrət sahilində o qədər ayaqyalın gəzdim ki
indi vüsal qayasına qalxa bilmirəm.

Çayda gəmim batar, ayda qəmim.

Ucalığın hərarəti, qocalığın təravəti az olar.

Duyğularım çaş-baş qalıb,
Uyğularım qaş-daş alıb.

Ocaq közdən isinməz,
Qucaq sözdən.

Sən niyə suyu bulandırıb sonra içirsən, dünya....

Eşqin ovsununa düşdüm,
Qəmin ovcuna....

Sözümün kəsəri,
Dözümün əsəri bitib.

Yağışın addım səsi, ruhumun təranəsi.

Sən məndən milyon işıq ili uzaq,
Bir dəniz mili qədər yaxınsan.

Kədərin rəngini,
Qədərin zəngini dəyişmək olmaz.

Nəfəsimi boğdum,
Nəfsimi boğa bilmədim.

Hicranın qanıma susadı,
Həsrətin canıma.

Məhəbbətin əlçatılmaz dəfinədi,
Onunçun da ürəyimdə dəfn eylədim.

Bəla açdı başımaca öz kürlüyüm,
Uçub getdi əlimdəncə özgürlüyüm.

Ümidimin ayaq izi ayrılığın ay işığında daha aydın görünür.

Özgəni ozününküləşdirincə özün özgələşirsən.

Mərddən güc al,dərddən ülgüc.

Ayaqları altına süzüldü baxışlarım,
Ayaqları altında üzüldü naxışlarım.

Ölüm...Əllərini mənə doğru uzat.
Ya mən səni xilas edim,ya sən məni.

Həsrətin qara qarğa kimi qarıldayıb qar istəyir,
Məni daha çox üşütsün deyə.

Qəlbimdən beynimə gedən yol kainatı fırlanır.

Sən düşüncələrimin aynasındasan.

Hökmdarı tiran olan ölkə viran olar.

Qızıl barmaqda gözəldir, xəzəl torpaqda.

lk görüşə iznlə.
Son görüşə hüznlə.

Eşqinə səcdəyə gəldim,
Nurundan vəcdəyə.

Sən əlçatmaz ümidimin yeganə nişanəsisən

Gözündən bahar tökülür,
Üzündən payız.

Gilə-gilə ümidlərimi bilə-bilə
çay aşağı axıdıb, çay yuxarı axtarırsan.

Adını üfürərək söyləyirəm.
Odun dilimin ucundadır.

Süzgün baxışların üzgün naxışları könlümə həkk etdi.

Ürəyin sevgini necə hiss etdi,
Alışmaq bilmədi, elə his etdi.

Sənin gözlərinin günahı eşqdir
Sənin sözlərinin pənahı eşqdir.

Sən dumanın əsirisən,
Mən gümanın...

O gözlərin baxışları bilim kimin,
Biz bir ömür yaşayırıq film kimi...

Səssizlikdən keçib getdim,
Sənsizlikdən köçüb getdim.

Mənim al üyğularım,
Mənim bal duyğularım.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.12.2018 14:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu