Sevən sevdiyinə yar deməz, dostum?
Səhra qış günündə qar görməz, dostum.
Zalımın diyarı bar verməz, dostum,
Təkcə qanqal bitər torpaqlarında.
Buludlar örtərsə günəş nur saçmaz,
Insan keçmişindən uzağa qaçmaz.
Həsrətdən donubdur, bir daha açmaz,
Gül qönçə tək qalıb budaqlarında.
Sanırdı xoşbəxtlik quşu gəlibdir,
Bir nadan insandan xoşu gəlibdir.
Deyəsən əbədi qışı gəlibdir,
Göz yaşı donubdur yanaqlarında.
Torpaq səma ilə deyişibdir, bax,
Küləklə, yağışla döyüşübdür, bax.
Təbiət necə də dəyişibdir, bax,
Suları istidir bulaqların da.
Qırmızı libası geyə də bilmir,
Acılı turşunu yeyə də bilmir.
Titrəyir, sözünü deyə də bilmir,
Bir salam üşüyür dodaqlarında.
Kayıt Tarihi : 19.4.2025 16:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!